Maliyyə
Maliyyə biznes maliyyəsi, fərdi maliyyə və ictimai maliyyəni əhatə edir. Maliyyəyə pul yığımı və adətən, pulun borc verilməsi də daxildir. Əsasən, zaman, pul və risk anlayışları və onların bir-biri ilə əlaqəsi ilə məşğuldur. Eyni zamanda, pulun xərclənməsi və büdcənin hazırlanması ilə də məşğuldur.
Maliyyə prosesi, əsasən, fiziki və hüquqi şəxslərin banka əmanət yerləşdirməsi vasitəsilə işləyir. Bank pulu digər fiziki və hüquqi şəxslərə istehlak və ya investisiya məqsədilə kredit olaraq verir və onlardan faiz tələb edir.
Kreditlər, son vaxtlarda artan sürətlə, yenidən satış üçün paketlənir, yəni investor krediti (borcu) ya bankdan, ya da birbaşa şirkətdən alır. İstiqraz vərəqləri şirkətlər tərəfindən investorlara birbaşa satılan borcdur, bu zaman investor faiz əldə edir və ya istiqraz vərəqini təkrar bazarda satır.
Bank sektoru kredit təmin etməklə fondlaşmanın əsas vasitəçisi rolunda çıxış edir. Ancaq, şəxsi sərmayə, birgə fond, (mutual fund), qorunma fondları (hedge fund) və digər qurumlar müxtəlif istiqraz vərəqlərinə investisiya etməklə əhəmiyyət qazanmışlar.